Kafkanın Praqası


20150724_113843Həmişə düşünmüşəm ki, ölüləri sevmək diriləri sevməkdən qat-qat asandır. Heç bir ölünün səni incitmək ehtimalı yoxdur, amma hər diri bu baxımdan potensial qəddardır. Və dirini torpağa basdırmaq ondan küsməkdən, onu unutmaqdan, ondan xilas olmaqdan qat-qat asan başa gəlir. Bir ölü ancaq Kafka qədər həm sənin digər bir parçan, həm də səni ən yaxşı başa düşən insan ola bilər. Bütün bunlar adamın içində onu görməyə can atmaq, onunla söhbət etmək arzusu yaradır. Bu arzuma yaxınlaşmağın yeganə yolu isə Praqaya getməkdir.

Kafkanı tanıyandan sonra Praqa mənim üçün onunla eyniləşib. İndi düşünürəm ki, bəlkə də belə etməklə bu gözəl şəhərə haqsızlıq etmişəm. Yenə də Praqaya sırf Frans Kafkaya görə səfər etmək asan deyildi, çünki gözləntilərim özünü doğrultmasa, ciddi məyusluq yaşayacaqdım.
Praqaya uçuş biletini internet vasitəsilə almışdıq, mail ünvanlarımıza biletimizin alındığına dair təsdiq və biletin barkodu gəlməli idi. Dünyada neçə bilet, neçə barkod adamı həyəcanlandıra və yaşamaq həvəsini artıra bilər? Hansı səbəblər adamı hər saniyə ehtiyat etdirər ki, arzuma bu qədər yaxınlaşmışkən hələ yaşayım, hələ ölməyim.

12029061_911763682206788_58943902_n

Praqa on günlük səyahətin sonuncu dayanacağı idi və mən Praqaya çatana qədər getdiyim şəhərləri qismən məhv etməkdə idim. Çünki gəzdiyim hər yerdə ancaq heyrətlənir və bəyənirdim, Praqada isə sadəcə və sadəcə xoşbəxt olacaqdım. Oldum da. Güzgüyə baxmadan gözündəki parıltını görə bilmək xoşbəxtliyin sübutudur. Günləri sayıb Praqaya çatdım, indi muzeyə getmək üçün saatları, dəqiqələri sayırdım. Əlimdə xəritə, beynimdə ingiliscə qurmalı olduğum cümlələr düşdüm yola. Bilmirəm içimdəki əminlik hissi ilə bağlıdır, yoxsa nədir, şəhərdə öz doğma küçələrimdə gəzirmiş kimi arxayın, itmə qorxusu olmadan və tanıyırmış kimi gəzirdim. Bu şəhəri mənə ən çox sevdirən hər addımda Kafkaya aid nə isə tapa bilməyim oldu. Ölü olmaq belədir. Ölürsən və bütün dünyaya yayılırsan. Hər yerdə bir parçan, hər yerdə bir izin var. Hər parçadan təzədən doğulursan. Muzeyə yol axtaranda Kafka kafesini görmək və onunla bağlı gördüyüm hər yerdə “Aa Kafka!” deyib qışqırmaq adama bütün dünyanı unutdurur.

11911013_896837953699361_122349850_nAmma kafeni geridə qoyub irəliləmək lazımdır, çayın o tərəfində, körpünün o biri başında Kafka muzeyi var. Muzeyin bir hissəsi Vltava çayının düz sahilinə düşür, divarında “Franz Kafka Museum” yazılmış böyük bir poster də var. Gözəl mənzərədir. Muzeyin qabaq hissəsinə keçib bilet alıram. Düşünürəm ki, o an biletin qiymətinin 200 yox, 1000 kron və hətta daha çox olduğunu desələr, bir saniyə belə düşünməzdim. Mehriban çex kassir məndən 200 kron, yəni 8 manat alandan sonra məmnuniyyətlə və gülümsəyərək bileti uzadır. Amma bilmir ki, o, mənim qədər məmnun ola bilməz. Bilet kassasının da yer aldığı mağazadan çıxıb üzbəüz qapıya, “Franz Kafka Museum” yazılmış yerə tələsirəm. Başqa bir gülərüz çex xanımı biletimi təsdiqlədikdən sonra məni pilləkənə yönəldir. Qara pillələrlə Kafkanın qaranlığına səyahətim başlayır.

361940_08 Sonradan fikirləşəndə deyirəm ki, yaxşı ki, muzeyin içində mənlə tanıdığım adamlardan heç kim gəlmədi. Qaranlıqda, məni heç birinin tanımadığı adamların arasında Kafka sevgimlə tək qalmaq və utanıb çəkinmədən sevinmək imkanım oldu. Və bu sevincdən əllərimin ayaqlarımın əsməyinə heç kim şahid olmadı, heç kim təəccüblənmədi.
Qara pillələri qalxdıqca musiqi eşidirəm. Muzey boyu səslənən musiqilər, səs effektləri insanda elə ab-hava oyadır ki, elə bil Kafkanın ruhunda gəzirsən. Bir az musiqinin, bir az muzeyin kafkavari dizaynının təsiri idi ki, gəzdikcə hər addımımda, hər eksponatın qarşısında “Çevril”irdim. Birinci dəfə çevrilib Kafkanın ailəsinə daxil oldum, ölən qardaşlarının, əsir düşərgəsində həlak olan bacılarının yanına baş çəkdim. Başqa bir otaqda XX əsrin əvvəllərindəki Praqaya düşdüm. Kafkanın gəzdiyi küçələrə baş çəkdim. O birində Yozef K.-ya çevrilib saysız-hesabsız adların yazıldığı, içində dosyelər olan otaqda itdim. Bu həm də Karl Rossmanla birlikdə “Amerika”da itmək, daha sonra da Yerölçən K. kimi “Qəsr”ə dönmüş bu otaqda özünə yer, getməyə də çıxış yolu tapa bilməmək idi. Kafkanın çəkdiyi əzabların bəhrəsini – rəsmlərini oyadıb animasiya düzəltmək… Çox Kafkavaridir.

361940_09
Bu, sözün hər iki mənasında onun çəkdiklərini anlamaqdır. Görüntülərə baxdıqca dayandığım yerə yapışıb, tərpənmədən saatlarla izləmək istəyirəm, amma muzeyin qalan hissəsində nələrin olduğuna olan marağımı da boğa bilmirəm.
Musiqilər məni o qədər Kafka əhvalına kökləyir ki, hansı ölkədə, hansı şəhərdə, hansı zaman kəsiyində olduğumu unuduram. Bütün muzeyi heyrətdən ağzım açıq qalır, əl-ayağım əsə-əsə gəzir, muzeyi qucaqlamaq istəyirəm.
Otaqların hamısını gəzib bitirirəm. Qonaqları qara pilləkənlə qarşılayan muzey başqa bir qəribə pilləkənlə də yola salır. Taxta pillələrə ayaq basan kimi qarşında güzgü və onların hər iki tərəfində qırmızı işıq görünür. Lampaların sarı işığı pəncərələri möhürlənən muzeyin qaranlığına qarışır, bunların da üstünə pillələrin qırmızı işığı əlavə olunur. Bu qədər qarmaqarışıq işıqda güzgüdə alatoran görünən simanla rastlaşıb sonuncu otağa keçirsən. Muzeydə cəmi bircə yerdə, məhz burada açıq pəncərə var. O da torludur və bayaq sahilində dayandığım çaya açılır. Düşünürəm ki, görəsən Kafka da Praqanı belə torlu görürdü? Ona görə sevmirdi bu şəhəri?361940_07

Muzeylə vidalaşmaq vaxtıdır. Getmədən əvvəl muzeydəki xatirə kitabına da Kafka sevgimi həkk edib muzeyi tərk edirəm. Çox doğma adamla vidalaşıb üzünü çevirən kimi necə darıxmağa başlayırsansa, Kafka qaranlığından qəfil günəşə çıxanda da elə darıxıb yenidən muzeyə qayıtmağım gəlir. Amma nə vaxtsa buraya qayıtmaq üçün səbəb saxlamaq lazımdır…
Gedəcəyim növbəti yer Kafkanın məzarıdır. Axtarışım yolu səhv salmaqla başladı. Bir dəfə də metroda stansiyasnı səhv salandan sonra nəhayət ki, Yeni Yəhudi Məzarlığını tapa bildim. Dediyim kimi ölünün heç bir üstünlüyü mənim onu görmək arzumu boğa bilmir. Heç qəbirstanlıqda da adam görmək olmur, amma yenə də bu, sevimli ölünə maksimum yaxınlaşa bilmək üçün yeganə yerdir.

11938791_896844630365360_799649022_nAncaq nə etmək olar ki, Praqa xoşbəxtliyi, Kafka sevinci mənə təqvimi unutdurmuşdu. Yəhudilərin şənbə günü heç bir iş görmədiyini hamı bilir, amma mən bununla yanaşı məzarlığa getdiyim günün də şənbəyə təsadüf etdiyini bilməli idim. Sağ olsunlar ki, məzarlığa hər 50-100 metrdən bir böyük darvazalar qoyublar və nə gözəl təsadüfdür ki, Kafkanın məzarı qəbirstanlığın içəri hissəsində yox, nisbətən kənardadır, yəni darvazadan baxanda görünür. Darvazanın arxasında durub baxırsan, 10-15 addım irəli qaçsan əlin çatacaq, amma arada 10 dəfə səndən böyük darvaza var… Eybi yoxdur…
11930709_896838077032682_1716380276_n
Darvaza olmasa belə onsuz da mənim Kafkanın gözlərinə baxıb “Sən məni anlayan yeganə insansan” demək şansım yoxdur. Bir az da məzarlığa, oradakı səliqə-sahman, yaşıllıq və ölüm səssizliyinə tamaşa edib yenə metroya qayıdıram. Oradan da şəhərin mərkəzinə… Qayıdanda cəmi bir tini səhv dönməyim məni Kafka Cəmiyyətinin binası qarşısına gətirdi. Onu axtarmaq üçün əlavə vaxt itirmədim.

Onun düz yanında da Kafka mağazası. Kafkanı sevən adam üçün bura cənnət kimi bir yerdir. Çoxdan almağı planlaşdırdığım, Kafkanın görüntüsü olan çantanı alıb çıxıram. Budur qarşımda Kafkanın heykəli… Onda yol həfərəkəti qaydaları unudulur. Qırmızı işıqdır, yoxsa yaşıl? Bilmirəm, əsas odur ki, məni vura biləcək məsafədə maşın yoxdur. Əsas odur ki, mən ancaq şəkillərdə baxdığım hər yeri canlı görürəm, yanındayam və ömrümdə heç olmadığım qədər xoşbəxtəm.

11012854_881710081878815_6893915949200775521_nİnsan nə əl-ayağının salamat olmağına, nə həyat şəraitinin başqalarından yaxşı olmağına, nə də nizam-intizamlı yaşamına baxıb şükür etməklə xoşbəxt ola bilməz, bu, çox sünidir. Sevdiyin adamların yanında, sevdiyin yerdə hər şeyi unudursansa, hansı əl-ayaq, hansı maaş, hansı iş xoşbəxtlik səbəbi ola bilər ki?

Fatimə Kərimli
24-27 iyul, 2015
Praqa, Çexiya

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s